Reklam verin!

Blog Haqqında

headway
Blog-u yaratmaqda əsas məqsədim Qarabağ həqiqətlərindən xəbərsiz olan ictimai kütləni maarifləndirmək və bu maarifçilik ideyalarına bir az siyasi yönüm verməkdir. Belə ki, gənc olaraq başa düşməliyik ki, artıq bu problemin həlli bizim çiyinlərimizə yəni öhdəliyimizə düşür. Ona görə də bu sahədə yetərli məlumatlı olmağımız bizim üçün ən önəmli vəzifədir.
Hörmətlə: Elvin Məmmədov

Axtarış

Arxivlər

Qabaqki yazılar

Sorğu

Qarabagimizi qaytara bilerikmi?




Sayqaç

  • İndi blogda: 7
  • Keçən ayın hiti: 1972
  • Dünənki hit: 60
  • Bugünki hit: 38
  • Ümumi hit: 23453

Müxtəlif

Azərbaycan həqiqətləri

Hər şey vətən üçün

Repressiya SSRİ-yə nəyə görə lazım idi?...

headway Dekabr 27, 2007 16:15
Repressiya SSRİ-yə nəyə görə lazım idi?...

28 Aprel 1920-ci ildə bağımsızlığını itirən Azərbaycan tam olaraq Sovet idarəsinə keçməklə, bütün hüquq və azadlıqlarından məhrum olmaq məcburiyyətində qaldı. Sovet rejimi Azərbaycanda möhkəmlənmək cəhdini həyata keçirmək üçün və özü istəyən səviyyədə hakimiyyətini reallaşdırmaqdan ötrü təbii ki, müəyyən tədbirlər həyata keçirməyə başladı. Bu tədbirlərin ən mühümü əvvəllər də sınaqdan keçirilmiş repressiya idi. Repressiya vasitəsilə bəzi “nailiyyətlər”in əldə ediləcəyi istisna edilmirdi:
1) Ən əvvəl, repressiya bir xalqın gen dəyişikliyinə olduqca ciddi təsir edə bilərdi,
2) Cəmiyyətin “düşünən beyinləri”ni aradan götürməklə xalqın siyasi, mədəni, elitar dünyagörüşünü zəiflətmək mümkün idi,
3) Siyasi, mədəni səviyyəcə geri qalmış xalqı müstəmləkə altında saxlamaq daha asan bir iş idi.
Bir anlıq düşünsək ki, bütün bunlar baş verməsəydi, nələr ola bilərdi…

Atababa Musaxanlı (1905 – 1941) – İlk ədəbi tənqidçilərimizdən və “Kitabi – Dədə Qorqud”un ilk tədqiqatçılarından biri olub. İbtidai təhsilini rus – tatar məktəbində alıb. Sovet hakimiyyəti qurulandan sonra şəhər orta məktəbini bitirib. 1921-1924-cü illərdə Ali Pedoqoji İnstitutun dil və ədəbiyyat şöbəsini fərqlənmə diplomu ilə bitirib. Sonradan Bakı Pedoqoji Texnikumunda dil və ədəbiyyat müəllimi kimi çalışıb. 1934-cü ildə Azərbaycan Yazıçılar Birliyinə daxil olur. Orta və Ali məktəblər üçün proqram və dərsliklər hazırlayıb.
Əsərləri:
“Şaiq”
“Ədəbiyyat tarixində Sabir”
“Aran köçü və müəllifi” (H.K.Sanılıya)
“Mirzə Fətəlinin ictimai, tərbiyəvi mübarizələri”
“Azərbaycan ədəbiyyatının inkişafı və xüsusiyyətləri”
“Böyük ustad” (M.Qorkinin ölümünə)
17 dekabr 1937-ci ildə tutulub.
31 Dekabr 1937-ci ildə güllələnməyə məhkum olub.
Sonradan güllələnmə sürgün cəzası ilə əvəz olunub.

Hənəfi Baba oğlu Zeynallı (1895 – 1937) – Şifahi xalq ədəbiyyatımızın ilk tədqiqatçılarımızdan biri olan H.Zeynallı Bakıda dəmirçi ailəsində anadan olmuşdur. 1916-cı ildə Bakıdakı Orta Politexnik məktəbini bitirmiş və elə həmin il müsabiqə imtahanını müvəfəqiyyətlə verərək İmperator Texniki Peşə məktəbinə daxil olmuşdur. 1917-ci ildə fevral inqilabından sonra təhsilini dayandırmışdır.
H.Zeynallı 1922-ci ildə Azərbaycan Dövlət Universitetinə daxil olmuş, oranı 1927-ci ildə bitirmiş və təyinatını Şərq fakültəsinin Azərbaycan türk ədəbiyyatı tarixi kafedrasına, sonra isə Azərbaycan Pedoqoji İnstituna almışdır.
1930-cu ildə dosent olmuşdur. 1923-cü ildən Azərbaycan Dövlət Nəşriyyatının əsas yaradıcılarından biri kimi fəaliyyət göstərmiş və oranın baş redaktoru vəzifəsində çalişmışdır. 1923-31-ci illərdə Azərnəşr-də işləyərkən o, “Kommunist”, “Maarif və Mədəniyyət”, “İnqilab və Mədəniyyət”, “Maarif işçisi” jurnallarında əməkdaşlıq etmiş, geniş ədəbi publisistik yazılarla çıxış etmişdir.
H.Zeynallının əsərləri içərisində 1926-cı ildə yazdığı “Azərbaycan atalar sözləri və məsəllər” (burada 4 minədək atalar sözü və məsəllər toplanmışdır), 1928-ci ildə yazdığı “Türk ədəbiyyatı üxrə iş kitabı” folklor, terminologiya və.s. ilə bağlı məsələlərə toxunur.
1937-ci il yanvarın 28-də H.Zeynallı Ruhulla Axundovun əksinqilabi qrupunun üzvü kimi həbs olundu. O, Azərbaycan SSR CM-nin 72 və 73-cü maddələri üzrə məsuliyyətə cəlb edildi.
H.Zeynallının güllələnməsi haqqında hökm 1937-ci il oktyabrın 13-də Bakıda icra edildi.
1957-ci il martın 30-da SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarına görə 1937-ci il sentyabrın 12-də SSRİ Ali Hərbi Kollegiyasının Hənəfi Baba oğlu Zeynallının istintaq işi üzrə çıxartdığı hökm dəyişdirildi və cinayət tərkibi olmadığı üçün iş xətm edildi.

Bəkir Vahab oğlu Çobanzadə (1893 – 1937) – görkəmli dilçi, poliqlot alim B.Çobanzadə 1897-ci ildə Krımda Qarasubazar şəhərində anadan olmuşdur. 1908-ci ildə o, ibtidai gimnaziyanı bitirmiş və müsəlman xeyriyyə cəmiyyəti tərəfindən təhsilini davam etdirmək məqsədilə İstambula göndərilmişdir. 1914-cü ildə İstambul litseyinin ədəbiyyat şöbəsinin və İstambul universiteti nəzdində ərəb və fransız dilləri üzrə ali kurslarını bitirərək məktəb və litseylərdə bu dilləri tədris etmək hüququ almışdır. Elə həmin ildəcə Budapeşt universitetinin tarix-filologiya fakültəsinə daxil olmuş və oranı 1928-ci ildə bitirmişdir. Sonradan o, Tavriya universitetinin dəvəti ilə Krıma qayıtmış və dilçilik kafedrasının dosenti təyin edilmişdir. 1922-ci ildə professor, 1924-cü ildə isə Krım universitetinin rektoru seçilmişdir.
1924-cü ildə Bəkir Çobanzadə Azərbaycan Dövlət Universitetinin və Yeni Türk Əlifbası Komitəsinin dəvəti ilə bakıya gəlmiş və burada türk dili və ədəbiyyatı kafedrasının professoru seçilmiş, 1925-ci ildə isə Şərq fakültəsinin dekanı olmuşdur.
1925-1933-cü illərdə Azərbaycan Terminologiya Komitəsinin humanitar bölməsinin sədr müavini, sədri və rəhbəri olmuşdur.
Bəkir Çobanzadə alman, macar, fransız, ərəb, fars, türk, rus və demək olar ki, bütün türk dillərini bilirdi. Həbs olunanadək professor B.V.Çobanzadə müxtəlif dillərdə və müxtəlif aspektlərdə türk dili və ədəbiyyatı problemləri ilə bağlı 150-dən çox kitab və məqalələrin müəllifi idi.
1937-ci il yanvarın 26-da B.V.Çobanzadənin həbs olunması haqqında qərar çıxarıldı. Onu 1924-cü ildən Bakıda əksinqilabi fəaliyyətdə ittiham edirdilər.
1937-ci il oktyabrın 12-də B.V.Çobanzadə ən ağır cəzaya – güllələnməyə məhkum edildi. Hökm dərhal icra edildi.
1957-ci il iyunun 6-da SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının çıxardığı qərara görə B.V.Çobanzadənin işində cinayət tərkibi olmadığına görə iş xətm edildi.

Balabəy Cabbar oğlu Həsənbəyov (1899-1937) – İqtisadçı, professor, Azərbaycan Dövlət Universitetinin rektoru olub. 1937-ci il aprelin 16-da Voroşilov Rayon Komitəsinin Partiya bürosu B.C.Həsənbəyovu “XDİK orqanları tərəfindən tutulmuş partiya düşməni və əksinqilabi trotskiçi” kimi partiya sıralarından çıxarmışdır. B.C.Həsənbəyov Azərbaycan SSR CM-nin 64, 69, 70 və 73-cü maddələrində nəzərdə tutulan cinayətlər üzrə günahlandırılmışdır.
1937-ci il oktayabrın 11-də Universitetin rektoru güllələnməyə məhkum edildi.
1956-cı il sentyabrın 15-də SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarına görə B.C.Həsənbəyova 1937-ci il oktyabrın 11-də irəli sürülmüş hökm cinayət tərkibi olmadığına görə xətm olunmuşdur.

Böyükağa Mirqasım oğlu Talıblı (1897-1937) – Azərbaycan SSR Xalq Torpaq Komissarlığının əməkdaşı, Yazıçılar İttifaqının üzvü olan B.M.Talıblı 1937-ci il yanvarın 8-də əksinqilabi millətçi meyllərinə görə partiya sıralarından xaric edilmişdir. Göstərilənlərə əsasən Böyükağa Talıblı Azərbaycan SSR CM-nin 72-ci maddəsi üzrə məsuliyyətə cəlb edilmişdir. 1937-ci il oktayabrın 12-də Hərbi Kollegiya Böuükağa Talıblını güllələnməyə məhkum etdi. Saat 15.05-də başlamış iclas 15.25-də bitdi. Hökm 13 oktyabrda Bakıda həyata keçirildi.
1957-ci il iyunun 25-də SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyanın çıxardığı hökmü ləğv etdi.

İbrahim Abdulla oğlu Eminbəyli (1894-1937) – Mətbuatda dövlət sirlərini mühafizə edən baş idarənin rəisi İbrahim Eminbəyli əksinqilabçı və gizli müsavatçı kimi həbs edilmişdir. 1937-ci il oktyabrın 12-dəv saat 17.45-də başlamış məhkəmə iclası 18.00-da başa çatmışdır. Hökm bir gün sonra Bakıda həyata keçirilmişdir.
İ.Eminbəylinin həyat yoldaşı Firuzə Məmmədtağı qızı Eminbəyli isə 1937-ci ildə həbs edilmiş və xalq düşməninin ailə üzvü kimi sürgün edilmişdir. Sürgündən 1946-cı ildə qayıtmışdır.
1954-cü il iyulun 2-də İ.Eminbəylinin oğlu Yavuz Eminbəyli atasının işinə yenidən baxılması xahişi ilə SSRİ Nazirlər Sovetinin sədri Malenkovun adına ərizə ilə müraciət etmişdir.
1955-ci il dekabrın 10-da SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarına görə İ.Eminbəylinin işi ilə əlaqədar 1937-ci il oktyabrın 12-də Hərbi Kollegiyanın çıxardığı hökm ləğv edildi.

Hüseynəli Süleyman oğlu Biləndərli (1905-1937) – Tarixçi, Partiya Tarixi İnstitunun baş elmi işçisi, ADU-nun tarix müəllimi olan H.Biləndərli 1937-ci il yanvarın 26-da Azərbaycan SSR CM-nin 72, 73-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmişdir.
1937-ci il yanvarın 31-də H.Biləndərli “əksinqilabi trotskiçi, müsavatçı və xalq düşməni kimi” Partiyanın sıralarından çıxarılmışdır.
1937-ci il oktyabrın 11-də SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının bağlı məhkəmə iclası keçirildi. Saat 13.40-da başlamış iclas 13.55-də başa çatmışdır. Güllələnmə dərhal yerinə yetirilmişdir.
SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 20 oktyabr 1956-cı il qərarına görə 1937-ci il oktyabrın 11-də çıxardığı hökm ləğv olunmuş, cinayət tərkibi olmadığına görə iş xətm edilmişdir.

Mikayıl Namaz oğlu Hüseynov (1900-1937) – Azərbaycan KP MK-nin partiya təbliğatı, təşviqat şöbəsini müdiri olan M.Hüseynov 1937-ci il yanvarın 29-da partiya iclasında həbs edilmişdir. Ona Azərbaycan SSR CM-nin 72 və 73-cü maddələri ilə cinayət işi açılmışdır.
1937-ci il oktyabrın 12-də saat 15.25-də başlamış SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının bağlı iclasında güllələnmə hökmü (cəmisi 20 dəqiqəyə!) çıxarılmışdır.
1955-ci ildə M.Hüseynovun bacısı qızı Səltənət Kazımova dayısının bəraət alması xahişi ilə müraciət etmişdir.
1956-cı il 1 sentyabr SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının qərarına görə 1937-ci il oktyabrın 12-də çıxarılmış hökm ləğv edilmişdir.

Əli Nazim Mahmud oğlu Mahmudzadə (1906-1941) – Dilçilik və ədəbiyyat institunun elmi işçisi olan Əli Nazim 1937-ci il martın 18-də həbs olunaraq Azərbaycan SSR CM-nin 72 və 73-cü maddələri ilə ittiham olunmuşdur. Vediyi ifadələrdə o, əksinqilabi, pantürkist, millətçi mövqedə durduğunu boynuna almışdır. 13 oktyabr 1937-ci il saat 13.25-də başlamış son məhkəmə iclasında (iclas 13.40-da tamamalanamışdır.) Əli Nazim Azərbaycan SSR CM-nin 69, 70 və 73-cü maddələri ilə təqsirli bilinərək 10 il müddətinə həbs cəzasına məhkum edilmişdir.
1956-cı il iyunun 19-da Əli Nazimin oğlu Ramin Mahmudzadə SSRİ DTK-ə ərizə verərək atasının bəraət almasının mümkünlüyünü xahiş etmişdir. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 19 sentyabr qərarına əsasən 13 oktyabr 1937-ci ildə çıxarılmış hökm xitam edilmişdir.

Abdulla Məmməd oğlu Tağızadə (1897-1938) – Müasir Azərbaycan dilçilyini yaradanlardan biri, dosent, SSRİ EA-nın Azərbaycan filialının elmi işçisi, APİ-nin dilçilik kafedrasının müdiri olub. İlk təhsilini Gəncədə aldıqdan sonra Sankt-Peterburq Universitetinin Şərqşünaslıq fakültəsini bitirib.Hələ tələbə ikən 1926-cı ildə Birinci Türkoloji Qurultayda iştirak edib. 30-cu illərdə A.Tağızadə orta məktəblər üçün türk dili dərsliklərinin yaradılmasdında yaxından iştirak edib. “Qədim türk dilləri” (Bakı 1927), “Müxtəsər üslubiyyat” (Bakı 1933) kitablarını yazıb.
1937-ci il martın 17-də A.Tağızadəyə açılmış cinayət işində onu “əksinqilabi milətçi təşkilatın üzvü, silahlı üsyan təşkilatçısı, hökumət rəhbərlərinə qarşı terror aktlarının törədilməsində şübhəli bilindiyi “ üçün həbs edildi. Ona Azərbaycan SSR CM-ni 64, 69, 70, 72, 73-cü maddələri ilə cinayət işi açıldı.
1938-ci il yanvarın 2-də saat 20.20-də başlamış məhkəmə iclası 20.40-da bitdi. Hərbi Kollegiyanın verdiyi hökmə əsasən A.Tağızadə güllələnməyə məhkum edildi.
Onu əlavə etmək lazımdır ki, 1956-cı il noyabrın 10-da A.M.Tağızadənin bacısı Yaqut Cəfərzadə SSRİ DTK sədri Serova qardaşının bəraət alması xahişi ilə müraciət etmişdir.
Vəziyyətlə əlaqədar Abdulla Məmməd oğlu Tağızadənin işinə yenidən baxılmış və SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 1957-ci il 19 noyabrında verilmiş qərarına əsasən 1938-ci il 2 yanvar tarixli hökmü ləğv edilmiş və cinayət tərkibi olmadığına görə iş xətm edilmişdir.

Xalid Səid Xocayev (1898-1937) – Çağdaş dilçiliyimizi yaradanlardan biri olan X.S.Xocayev ilk təhsilini mədrəsədə aldıqdan sonra İstanbul Universitetini bitirmiş və oradan qayıtdıqdan sonra SSRİ EA-nın Azərbaycan filialında çalışmışdır. Dünya Türkologiyasında ilk dəfəv Mahmud Kaşğarinin “Divani lüğətit-türki” əsərini dilimizə tərcümə etmişdir. Dilçiliyimizdə üslubiyyata, müqayisəli qrammatikaya, dil tarixinə dair ilk dərsliklərin müəllifilərindəndir. Sağlığında “Türk dillərinin müqayisəli qrammatikası” (Bakı 1926), “Müxtəlif üslubiyyat” (Bakı 1934) kimi əsərləri nəşr olunub.
1937-ci il iyunun 3-də X.S.Xocayev həbs edilmişdir. Həmin ilin oktyabrın 12-də son iclasda X.S.Xocayev Azərbaycan SSR CM-nin 68-ci maddəsi üzrə “əksinqilabi pantürkist təşkilatın üzvü kimi həm də Türkiyənin xeyrinə kəşfiyyat işi aparmış şəxs” damğası ilə ittiham olunaraq güllələnməyə məhkum edildi.
1954-cü ilin dekabrında S.R.Xocayeva həyat yoldaşı X.S.Xocayevin işinə yenidən baxılmasını xahiş etdi. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 16 may 1957-ci il qərarına görə 1937-ci il oktyabrın 12-də şıxardığı hökm ləğv olunmuş və cinayət tərkibi olmadığına görə iş xətm olunmuşdur.

Məlik-Yeqanov Cavad bəy Rza bəy oğlu (1878-1942) – Azərbaycan xalq Cümhuriyyətinin görkəmli dövlət xadimi, Cümnuriyyətin Həmkarlar İttifaqları Təşkilatının banilərindən biri, Parlamentin üzvü, müsəlman fəhlələrinin həmkarlar ittifaqının yaradıcısı. Qarabağ bəyləri nəslindəndir. İbtidai təhsilini məşhur maarifçi Mir Mehdi Xəzaninin ev məktəbində almış, sonra texniki məktəbi bitirmişdir. Rus, fars, alman, gürcü, erməni dillərini bilirdi. 1903-cü ildən Bakının neft mədənlərində işləmiş, inqilabi hərəkatda iştirak etmişdir. “Hümmət” təşkilatının üzvü olmuşdur. 1909-cu ildə çar hakimiyyətinə qarşı mübarizə apardığına görə həbs olunaraq Bakıdan sürgün edilmişdir. 1914-cü ildə yenidən Bakıya qayıtmış, neft mədənlərində işləmişdir. 1917-ci ildə “Müsavat” partiyasının üzvü olmuş və partiyanın birinci qurultayında fəal iştirak etmişdir. Partiyada fəhlə münaqişələri üzrə iş aparmışdır. Məlik-Yeqanov Zaqafqaziya seyminin müsəlman fraksiyasının üzvü olmuş, 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının üzvü olmuş kimi Azərbaycanın Müstəqilliyi haqqında İstiqlal Bəyannaməsinə imza atmış, Azərbaycan Cümhuriyyətinin banilərindən biri olmuşdur. Məlik-Yeqanov Azərbaycan Parlamentinin üzvü kimi münaqişəli, məsuliyyətli bölgələrə ezma edilirdi, qayıdanda isə fəhlə kütləsi qarşısında hesabat verirdi. 1919-cu il martın 10-da Parlament tərəfindən təsdiq edilən fəhlə məsələsi üzrə xüsusi müşavirənin tərkibinə daxil edilmişdi. Fəhlələrin Azərbaycanın müstəqilliyi uğrundakı mübarizədəki xidmətlərindən, 1918-ci il mart soyqırımda verdikləri tələfatlardan, denikin əleyhinə mövqelərundən bəhs edərək, onların ağır güzərnaı ilə bağlı hökumət qarşısında kəskin tələblərlə çıxış edirdi. O, fəhlə məsələsini bolşevik ideologiyasının inhisarına verənlərdən fərqli olaraq, Azərbaycan Cümhuriyyətinin müstəqilliyi naminə çalışan fəhlələrin təmsilşisi idi. Azərbaycanın müstəqilliyinin Avropa dövlətləri tərəfindən tanınması təntənələrində çıxış edərək demişdi: “Elan olunmuş müstəqilliyi Avropa tanımasaydı belə, fəhlələr onun uğrunda öz həyatlarını qoymağa həmişə hazır olmuşlar.”
Cavad bəy Məlik-Yeqanov 1919-cu ildə Lənkəranın general-qubernatoru təyin edilmiş, denikinçilərə qarşı mübarizə aparmışdır. 1919-cu il avqustun 15-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin təmsilçiləri kimi Məlik-Yeqanov və T.Məmmədov “Muğanın Azərbaycan hakimiyyətini tanıması haqqında barışıq şərtləri”ni imzalamış, bütün diyarda hərbi vəziyyət elan etmiş, Lənkəranın və Muğanın Azərbaycan hakimiyyətinə tabe edilməsində mühüm rol oynamışdır. 1919-cu ilin oktyabrında “Müsavat” partiyasının ikinci qurultayında mandat komissiyasının üzvü olmuş, elə həmin ay partiyanın Bakı komitəsinə seçilmişdir. Məlik-Yeqanov Türk Fəhlə Konfransının təşkilatçılarından olmuş, Mərkəzi Həmkarlar ittifaqının sədri vəzifəsində çalışmışdır. 1920-ci il mayın 11-də həbs edilmiş, ittiham aktı sübuta yetirilmədiyindən iyulun 19-da azad olunmuş,sonra yenidən həbs edilərək, 1921-ci il yanvarın 21-də azadlığa buraxılmışdır. Aprel işğalından sonra o, ümumiyyətlə, 6 dəfə həbs edilmişdir. Sovet hakimiyyəti illərində tikinti trestində, əmək birjasında çalışmışdır. Respublika Xalq Əmək komissarlığı qaçqınlar şöbəsinin rəsisi, 1927-28-ci illərdə neft məhsulları satışı idarəsinin rəisi vəzifələrində işləmiş, N.Nərimanov adına bakı Sənaye Texnikumunun təsərrüfat hissəsinə başçılıq etmişdir. Gizli “Müsavat” partiyasının üzvü ittihamı ilə 1931-ci ildə həbs edilərək, 10 il müddətinə uzaq şimala sürgün edilmişdir. Sürgündən həyat yoldaşı Məryəm xanım Bayraməlibəyova-Məlik-Yeqanovaya göndərdiyi məktubalrında yazırdı: “...Mən öz xalqımı, Azərbaycanımı çox sevirəm. Həyatımı, varlığımı onlarsız təaəvvür edə bilmirəm.” Məlik-Yeqanov 1942-ci ildə sürgündə vəfat etmişdir. 1959-cu ildə fevralın Kareliya MSSR Ali Məhkəməsi tərəfindən ona bəraət verilmişdir

Vəkilov Rəhim bəy Əlağa oğlu (29.02.1897, Qazax qəzasının Slahlı kəndi-1934)-Azərbaycan xalq Cumhuriyyəti Parlamentinin üzvü; ictimai-siyasi xadim. Slahlı kənd məktəbini sonra isə Bakı realnı məktəbini bitirmiş, şagird təşkilatının həyatında fəal iştirak etmiş, bu təşkilat “Ümumqafqaz tələbə təşkilatı”-na çevrildikdən sonra onun üzvü olmuşdur. Fevral İnqilabından sonra təşkilat milli əlamətə görə parçalanmış və onun türk qrupu “Müsəlman Demokratik “Müsavat” Partiyası”-nın tərkibində fəaliyyət göstərmişdir. Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının, Zaqafqaziya Demokratik Federativ Respublikasının süqutundan (1918, 27 May) sonra isə Azərbaycan Milli Şurasının (1918, 27 May) üzvü və katibi olmuşdur. O, İstiqlal bəyannaməsi mətninin katibi və onu imzayalanlardan biridir.


Qeyd: Elmidar Süleymanov.
Bakı Dövlət Universiteti. "Beynəlxalq münasibətlər və Beynəlxalq hüquq" fakültəsi
Şərhlər(0) Baxış sayı:144 Dekabr 27, 2007 16:15 repressiya ssri-yə nəyə görə lazım 

  Yazılar cəmi: 1   
© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com