“Erməni məsələsi” və ikili standartlar
headway Dekabr 18, 2007 11:44“Erməni məsələsi” və ikili standartlar
“Erməni məsələsi” nədir və nə vaxt yaranmışdır?
Türk tədqiqatçısı və tarixçisi İsmət Binark yazır: “Erməni məsələsi” “Şərq məsələsi”nin tərkib hissəsi olaraq XIX əsrin ikinci yarısında Avropa dövlətləri tərəfindən ortaya atılmış və 13 iyun 1878-ci il tarixli Berlin Konfransında rəsmiləşdirilmişdir. Bu Konfransın güya ki, Türkiyə ərazisində yaşayan ermənilərin hüquqi təminatlarının yaradılması məqsədi daşıyan qətnaməsi, əslində, Osmanlı Türkiyyəsini içəridən dağıtmaq məqsədi güdürdü.
Təssüflər olsun ki, Osmanlı imperatorluğu dağıldıqdan sonra da “erməni məsələsi” tarixin arxivinə göndərilmədi, vaxtaşırı reanimasiya edilərək müasir Türkiyə dövlətinə və Azərbaycana qarşı istifadə olunmağa başladı.
“Erməni məsələsi” birinci Dünya Müharibəsi zamanı Türkiyə vətəndaşları olan ermənilərin öz dövlətlərinə xəyanət edərək törətdikləri seperatçılığa terrora və milli qırğına haqq qazandırmaq üçün bəzi Qərb dövlətlərinə lazım olduğu kimi, ikinci Dünya müharibəsindən sonra (1948-ci il) Ermənistan SSR-də yaşayan 100 mindən artıq azərbaycanlının tarixi-etnik torpaqlarından deportasiyası zamanı, həmçinin 1988-ci ildə Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistana birləşdirilməsi ideyasını “əsaslandırmaq” üçün ermənilərə və SSRİ-nin ermənipərəst rəhbərliyinə lazım olmuşdur.
“Erməni məsələsi”ndən son illərdə Avropa Birliyinin qapılarını daha inadla döyməkdə olan Türkiyəyə qarşı bir siyasi təzyiq vasitəsi kimi istifadə olunması da göz qabağındadır. Bir sıra Qərb dövlətlərinin güya ki, 1915-ci ildə Türkiyədə törədilən, əslində isə, olmayan “erməni genosidi”ni tanımaq cəhdləri də Avropaya çox sürətlə inteqrasiya edən Türkiyəyə göstərilən siyasi basqıdan başqa bir şey deyildir.
“Erməni məsələsi”nin yeni bir formatda – Avropada kifayət qədər populyar olan Türkiyəli yazıçı Orxan Pamukun şəxsində bir türkün dilindən səsləsnən “ bu torpaqlarda 1,5 milyon erməni və 30 min kürd öldürülüb, lakin məndən başqa heç kim bu barədə danışmağa cürət etmir” – etirafı şəklində yenidən gündəmə gəlməsi və artıq 7 aydır ki, bir sıra Avropa və Türkiyə KİV-lərinin maraq dairəsindən çıxmaması, Avropa Birliyi deputatlarının Orxan Pamuka dəstək vermək cəhdləri Avropa-Türkiyə münasibətləri müstəvisində ermənilərdən bir alət kimi yenə də istifadə olunmasını bir daha sübut edir.
Mən deyə bilmərəm ki, Orxan Pamuk İsveçrə mətbuatına Türkiyə dövlətini və xalqını aşağılayan müsahibəni hansı maraqlardan çıxış edərək vermişdir.
Amma hər halda o tarixi həqiqətin və ədalətin mövqeyindən çıxış etməmişdir.
Mən deyə bilmərəm ki, Orxan Pamuk Qərbin “demokratik” dəyərlərinə xidmət göstərmək məqsədi ilə bu çıxışı etmişdir.
Amma hər halda o belə fikirləri söyləməklə öz dövlətinə və xalqına xidət etməmişdir.
Mən deyə bilmərəm ki, Orxan Pamuk öz populyarlığını və şöhrətini daha da artırmaq üçün “erməni genosidi”nə həyan çıxmışdır.
Amma hər halda o öz xalqına və dövlətinə şərəf gətirən sözlər söyləməmişdir. Orxan Pamukun, yaxud başqa bir “demokratın” nə deməsindən asılı olmayaraq, tarixi həqiqət, sənədlər və faktlar tamamilə başqa bir şeyi söyləyirlər.
Tarixi həqiqət isə bundan ibarətdir ki, nə Türkiyədə, nə də onun hüdudlarından kənarda heç bir zaman “erməni soyqırımı” deyilən bir hadisə baş verməmişdir. “Erməni məsələsi”ndən qaynaqlanan milli zəmində münaqişələr olmuşdur ki, bu qırğınlardan da ən çox zərər çəkən türklər və azərbaycanlılar olmuşlar.
Amerika şərqşünasları, professor Castin və Karolin Makkartilər “Türklər və ermənilər” kitabında yazırlar: “Tarixi həqiqət budur ki, Rusiya imperiyasının sərhədlərinin genişləndirilməsi Qafqazda və Şərqi Anadoluda yaşayan xalqların ənənəvi nisbətini alt-üst etmişdir. Biz dəqiq bilirik ki, 1828-ci ildən 1920-ci ilədək 600 min erməni Rusiya ərazisinə köçürülmüş, 2 milyon müsəlman isə Rusiyadan getmişdir. Sizi əmin edirik ki, dediklərimizin hamısı həqiqətdir, qısa da olsa bu insan əzabları haqqında tarixdir, belə əhvalatların çoxunda olduğu kimi burada da nə qəhraman var, nə cəllad, yalnız qurbanlar vardır, insan qurbanları, onların türk və ya erməni olduqlarının məsələnin mahiyyətinə dəxli yoxdur. ”
Tarixi həqiqət bundan ibarətdir ki, ermənilər Osmanlı imperatorluğunun təbəəliyində yaşadııqları 500 il ərzində assimilasiyaya məruz qalmamışlar. Onların dillərinə, dinlərinə, adət-ənənələrinə hörmətlə yanaşılmış, bu dövlətin içərisində ermənilər türklərdən daha yaxşı yaşamışlar. Bu da bir paradoksdur k, ilk erməni terrorçu təşkilatı olan inqilabçı-separatist təmayüllü “Armenakan” partiyası 1885-ci ildə İstanbulda, Osmanlı dövlətinin ən sərt hökmdarlarından biri sayılan sultan Əbdülhəmidin dövründə yaranmışdır. Sultan Əbdülhəmidin baş məsləhətçisi erməni, həkimi isə yəhudi olmuşdur.
Tarixi həqiqət bundan ibarətdir ki, erməni siyasətçilərinin 90 ildən bəri dil boğaza qoymadan çığırdıqları, 1915-ci il “genosid”indən 10 il əvvəl, ermənilərn tərəfindən Azərbaycan türklərinə qarşı soyqırım və etnik təmizləmə əməliyyatı aparılmışdır. 1905-1906-cı illərdə ermənilər təkcə İrəvan və Yelivazatepol quberniyalarında 20 mindən çox azərbaycanlını qətlə yetirmiş, 250-dən çox kəndi dağıdıb yerlə yeksan etmişlər. Cəmi bir ay ərzində Zəngəzur qəzasının Şəki, Qarakilsə, Ağdü, Vağadi, Urud, Qatar, Xələc, Şəhərcik, İncəvar, Karxana, Yeməzli, Daşnov, Çullu, Lök, Saldaşlı, Mollalar, Oxçu-Şabadin, Atqız, Pirdovdan, Zürül, Fərcan, Sənanlı, Çullan və .s. kəndləri erməni mauzeristləri tərəfindən yandırılıb dağıdılmış, əhali soyqrıma məruz qalmışdır.
1905-1906-cı illərdə ermənilərin İrəvanda, Gəncədə, Zəngəzurda, Qarabağda azərbaycanlı əhaliyə qarşı törətdikləri qanlı cinayətlər və deportasiya aktları görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin “Qanlı sənələr” və Mir Möhsün Nəvvabın “1905-1906-cı il erməni-müsəlman davaları” kitablarında şahid ifadələrinin və faktlara əsaslanaraq olduqca əyani şəkildə təsvir olunmuşdur.
Birinci Dünya müharibəsinə qatılmış osmanlı Türkiyəsi 1915-ci ilin aprelində ağır bir hərbi durumda idi. Ingiltərənin və Fransanın birləşmiş donanması Çanaqqalaya 250 min nəfərlik desant çıxarmış, rus qoşunları isə Van və Ərzurum tərəfdən yerli ermənilərin açıq və fəal dəstəyi ilə Türkiyənin içərilərinə doğru irəliləyirdi. Silahlı erməni əskər və zabitləri kütləvi şəkildə ordudan fərarilik edərək Türkiyənin şərq əyalətlərinə toplanaraq bu ərazilərdə xüsusilə Ərzurum, Van, Bitlis, Xarput, Diyarbəkir, Sivas vilayətlərində “Qərbi Ermənistan” dövləti yaratmaq məqsədi ilə bu ərazilərdə milli-dini zəmində (türklərə və kürdlərə qarşı) qırğınlar törətməyə başladılar. Getdikcə artan erməni separatizmini və milli qırğını dayandırmaq üçün Türkiyə hökuməti 1915-ci ilin 24 aprelində İstanbulda bir qrup erməni siyasi və hərbi liderlərini həbs etdirdi. Bir nəfər erməninin də burnu qanamayan bu günü sonralar ermənilər “genosid” günü kimi qeyd etməyə başladılar.
Əsil genosid isə ermənilər tərəfindən türklər və azərbaycanlılara qarşı törədilmişdr.
Türkiyə ərazisində erməni dövləti yaratmaq planı puça çıxandan sonra daşnaklar eyni planı Azərbaycanda həyata keçirtmək üçün fəaliyyətə başladılar.
1918-ci ilin mart-aprel aylarında bolşeviklərin güclü dəstəyindən istifadə edən ermənilər Bakıda azərbaycanlılara qarşı əsil soyqrım əməliyyatı apardılar: Qocalar və qadınlar qılncdan keçirildi, uşaqlar nizələrə sancıldı, əsir götürülmüş kişilərin gözləri qarşısında onların qadınlarının namusu tapdalandı, körpələrin ətləri diri-diri kəsilərək ata-analarına yedizdirildi, müsəlman şəhəri olan Bakıda minlərlə Qurandan qalanmış tonqaın alovu və həmin tonqallarda diri-diri yandırılan din xadimlərinin ah-fəqanını göyə bülənd oldu.
Daşnaq-bolşevik hərbi birləşmələri tərəfindən 1918-ci ilin yazında Quba, Lənkəran, Şamaxı, Gəncə bölgələrində 300-dən artıq Azərbaycan kəndi dağıdıldı, yandırıldı, talan edildi. Bütün bu qırğın və talanlara bolşevik mundirli daşnaqlar Stepan Şaumiyan, Avetisyan, Avakyan, Lalayev rəhbərlik edirdilər.
Azərbaycanın qərbində isə 10.000 nəfərlik qoşunla Türkiyə ordusundan fərarilik etmiş tayqulaq Andronik Ozanyan misli görünməmiş qətdarlıqlar törətmişdir. Andronikin quldur dəstəsi tərəfindən Göyçə, İrəvan, Naxçıvan, Dərələyəz və Zəngəzurun bütün Azərbaycan kəndləri (500-dən çox) dağıdılıb yandırıldı, burada yaşayan 600 min nəfərdən çox azərbaycanlının böyük bir hissəsi gətlə yetirildi, qalanları isə öz doğma yurd-yuvalarından didərgin salındı.
Andronik Ozanyanın Zəngəzurdakı qanlı əməlləri 1922-ci ilə qədər daşnaq quldurları Dro və Nicde tərəfindən davam etdirildi.
Bax budur soyqırım, bax budur deportasiya, bax budur bir millətə qarşı genosid siyasəti!
Təəssüflər olsun ki, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən etnik təmizləmə əməliyyatları sovet hakimiyyəti dönəmində də dava etdirilmişdir.
SSRİ Nazirlər Sovetinin qərarı ilə 1947-1953-cü illərdə Ermənistan SSR-də yaşayan 100.000-dən çox azərbaycanlı tarixi-etnik torpaqlarından deportasiya olundu, 1988-ci ildə isə 200.000-ə yaxın azərbaycanlı öz dədə-baba yurdlarından didərgin salındı.
Daha sonra isə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və Qarabağ ətrafındakı 7 rayonu Ermənistan ordusu tərəfindən işğal olundu. Burada yaşayan 800.000-ə yaxın azərbaycanlı deportasiya edildi, 20.000 nəfər öldürüldü, 50.000-dən çox insan yaralandı, əlil oldu, itkin düşmüş minlərlə insanın öldüsü-qaldısı hələ də bilinmir.
Daha sonra isə Xocalı soyqırımı törədildi. 1992-ci ilin 26 fevralında bir gecənin içərisində 6.000-ə yaxın əhali yaєayan azərbaycanlı şəhəri Xocalının altı üstünə çevrildi. 613 nəfər qoca, uşaq, qadın qətlə yetiridi, 2.000-dən çox insan yaralandı, onlardan min nəfəri ömürlük şikəst oldu, 1.250 nəfər insan əsir edilərək işkəncəyə məruz qaldı. Onlardan 150 nəfərinin taleyi bu gün də məlum deyildir.
Bu insanların yalnız bir «günahı» var idi - Onlar azərbaycanlı idilər.
Bax budur soyqırım, bax budur bir millətə qarşı törədilmiş cinayət!
Bir var tarixi həqiqət, bir də var siyasi reallıq. Təəssüf ki, bu gün bütün dünyada demokratik dəyərlərin, insan haqlarının müdafiəçisi və daşıyıcı kimi çıxış edən qərb ölkələri bir qayda olaraq hadisələrə tarixi həqiqətin güzgüsündən deyil, üzlərinə lazgm olan siyasi reallıqların gözü ilə baxmağa üstünlük verirlər. Əgər belə olmasa idi, 90 il bundan öncə çox qarışıq tarixi, siyasi, hərbi şəraitdə Türkiyədə milli zəmində baş vermiş qarışıqlı qırğını «erməni soyqırımı» kimi tanımağı Türkiyədən təkidlə tələb edən Avropa Birliyi ölkələri, gözlərinin qabağında Azərbaycanın torpaqlarını işğal edən Ermənistanı işğalçı dövlət kimi tanıyardılar, ona dəstək verməzdilər, yardım göstərməzdilər.
Təəsüflər olsun ki, terrorla mübarizəni bir nömrəli vəzifə elan edən qərb ölkələri son 18 ildə Azərbaycana qarşı 30-dan çox terror əməliyyatı (avtobuslarda, qatarlarda, metropolitendə və s.) həyata keçirmiş Ermənistana gözün üstə qaşın var demirlər.
Təəssüflər olsun ki, Türkiyədə Orxan Pamukun timsalında bir nəfərin haqlarının müdafiəsinə qalxan, Azərbaycanda az qala zərrəbinlə siyasi məhbus axtaran qərbli hüquq müdafiəçiləri neçə illərdir ki, məcburi köçkün vəziyyətində yaşayan 1.000.000-a yaxın azərbaycanlının ən fundamental insan haqqını - yaşamaq hüququnu müdafiə etmirlər.
Mən insanın söylədiyi fikrə görə (əgər bu təhqir deyilsə) cəzalandırılmasının tərafdarı deyiləm və Orxan Pamukun həbs olunmasını da istəmirəm. Eyni zamanda hər bir ölkənin, o cümlədən, Türkiyənin qanunlarına da hörmətlə yanaşıram. Lakin, «Türkiyədə erməni soyqırımı olmuşdur» - deyən Türkiyə vətəndaşının Avropa Birliyinin deputatları tərəfindən belə çılğınlıqla müdafiə olunmasını da başa düşə bilmirəm.
Türkiyənin Avropa Birliyinə qəbul olunmasının «erməni genosidini» tanımaqla şərtləndirilməsini olduqca ədalətsiz mövqe, ikili standartların eybəcər təzahürü hesab edirəm.
Tarixdəki faciələrdən ibrət dərsi götürmək lazımdır, lakin faciələri siyasi alver predmetinə çevirmək sivill dünyaya üz qaralığından başqa bir şey gətirmir.
Musa Urud,
Millət Vəkili
